KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAŞ DÖVLƏT TEXNİKİ NƏZARƏT MÜFƏTTİŞLİYİ



TARİX

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yaradılması haqqında

MƏLUMAT

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39, 40, 41 nömrəli Qərarlarına, Müfəttişliyin “Əsasnamə”sinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 may 2012-ci il 05/2012-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında” təlimata əsasən fəaliyyət göstərir. Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün “Traktorçu-maşinist vəsiqəsi”ni verən icra hakimiyyəti orqanıdır.

Müfəttişliyin fəaliyyəti Sovet İttifaqı dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikası dövründə Nazirlər Kabinetinin 16 sentyabr 1996-ci il tarixli 121 nömrəli qərarı ilə yenidən bərpa edilmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Əsasnamə”si Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1999-cu il tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Müfəttişliyin “Traktor, traktor yedəkləri, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşənlarının dövlət qeydiyyatı haqqında” təlimatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 21 fevral 2000-ci il tarixində təsdiqlənmişdir.

Müfəttişliyin “Traktorlara, traktor yedəklərinə kənd təsərrüfatı və yol tikinti maşınlarına dövlət texniki baxışının keçirilməsi haqqında” təlimatı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 07 mart 2000-ci tarixli 41 nömrəli əmri ilə təsdiq edilmişdir.

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələri sürücülərinin attestasiyası üçün imtahan biletləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 04.12.2000-ci il tarixində təsdiq edilmişdir.

Dövlət Müfəttişliyinin yeni “Əsasnamə”si Azərbaycan Respublikasının Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Dövlət rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə Dövlət Müfəttişliyinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli Fərmanına əsasən (340 maddə: “Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması”; 340.1. “Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində”) cərimə etmək hüququ verilmişdir.

05 avqust 2016-cı il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Daxili işlər Nazirliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 81 nömrəli əmri ilə “Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi” ilə bağlı yeni test imtahan sualları toplusu təsdiq edilmişdir.

Müfəttişliyin tam avtomatlaşdırılmış elektron sistemə keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 11.01.2016-cı il 01 nömrəli əmri ilə dünya standartlarına tam cavab verən yeni nümunələr təsdiq edilmişdir:

1. Ərizə forması;

2. Hüquqi və fiziki şəxslərə məxsus kənd təsərrüfatı texnikasının (mexaniki nəqliyyat vasitəsinin) dövlət qeydiyyatı haqqında şəhadətnamənin nümunəsi

3. Texnikanın müayinə aktı:

4. Hüquqi və fiziki şəxslərə məxsus kənd təsərrüfatı texnikasının (asma-qoşma mexaniki nəqliyyat vasitəsinin) dövlət qeydiyyatı talonunun nümunəsi

5. Dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasına (mexaniki nəqliyyat vasitəsinə) dövlət dövlət texniki baxışın keçirilməsi haqqında talonunun nümunəsi.